Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı - FOTO
Xaçmaz rayonunun Hacıqazma kənd sakini Ələddin Talıbov çətin duruma düşüb.
Belə ki, o, kənddə özünə fərdi iş qurmaq, dövlətin kəndlilər üçün yaratdığı özünüməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinə müraciət edib. 2019-ci ildə agentlikdə növbəyə durub. Dörd ildən sonra - 2023-cü il iyul ayının 11-də növbəsi çatanda ona 21 baş qoyun verilib.
1news.az Bizim.media-ya istinadən xəbər verir ki, Ələddin Talıbovun onun qara günləri də elə bundan sonra başlayıb.
Ələddin Talıbova verilən qoyunlardan 5-i alandan 12 gün sonra tələf olub. Deyir ki, həmin vaxtdan proqramın şərtləri pozulub:
“Müqavilədə göstərilir ki, vətəndaş heyvanları almamışdan 10 gün əvvəl şərtlərlə tanış olmalıdır. Mən bu müqavilə ilə heyvanlar mənə verilən gün tanış oldum. Təhvil-təslim aktı ilə bir yerdə müqavilənin şərtləri ilə də tanış oldum. Müqavilədə göstərilir ki, vətəndaş hər hansı qüsur olarsa, heyvanları alandan 30 gün sonra agentliyin filialına müraciət edə bilər. Alandan 12 gün sonra heyvanlar tələf olmağa başlayıb. Mən də dərhal müraciət etmişəm, baytar gəlib, ölü heyvan cəsədlərini yarıb və protokol tərtib edilib”.
Ələddin Talıbov ölən qoyunlardan 4-nün dişi, birinin isə qoç olduğunu bildirib. O, hesab edir ki, burada da müqavilə şərtləri pozulub:
“Şərtlərə görə, qoyunların artımı üçün verilən qoç 2-4 yaşında olmalıdır, mənə verilən qoç isə quzu idi. Onunla necə artım olacaqdı ki? Üstəlik həmin quzu da öldü, indi heç artım olmayacaq, həm də qalan qoyunlar da sağlam deyil, xəstədir”.
Şikayətçi rəsmi qurumlara dəfələrlə yazılı müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə etmədiyini bildirir.
Özünün Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu deyən şikayətçinin Dövlət Məşğulluq Agentliyindən tələbi odur ki, ona ölmüş heyvanların əvəzinə yeni heyvanlar verilsin və xəstə qoyunlar sağlamları ilə əvəz olunsun. Belə olarsa, o, fərdi təsərrüfatında qoyunçuluğu inkişaf etdirə bilər.