Vaqif Xaçaturyan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub - Ekspertiza
Vaqif Xaçaturyan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.
1news.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib. Rəydə qeyd edilib ki, V. Xaçaturyan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.
İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 No-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 Ne-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezinin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhne çapıq toxumalar aşkar edilmiş, həmin xəsarətlər bərk kut aşyanın təsirindən törənmiş, əmələ gəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir.
İş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023- cü il tarixli K/285-2023 Ne-li rəyindən görünür ki, Xaçatryan Vaqif Çerkezinin məhkəmə-tibbi müayinəsi zamanı "Ciddi aortal stenoz (qapaq darlığı). Ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki ürək çatışmazlığı II dərəcə. Hipertoniya xəstəliyi II mərhələ. Prediabet, qlükozaya qarşı tolerantlığın pozulması" diaqnozlu xəstəliklər müəyyən edilmiş, onda hal-hazırda mövcud olan "ciddi aortal stenoz (qapaq darlığı)" xəstəliyi 2-3 il ərzində ciddi ağırlaşmalara səbəb ola bilər, planlı qaydada 2-6 ay ərzində "aortal qapağın protezləşdirilməsi" cərrahi əməliyyatına ehtiyacı var, əməliyyat vaxtınadək və əməliyyata planlı qaydada hazırlıq dövründə istintaq hərəkətlərinin aparılmasına tibbi cəhətdən maneə yoxdur.