Masallıda 51 min əhalinin istifadə etdiyi yollar yenidən qurulub - FOTO - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarını əsaslı şəkildə yenidən qurub.
1news.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilib. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Layihə üzrə yolboyu texnoloji ardıcıllığa riayət olunmaqla torpaq işləri, suötürücü boruların quraşdırılıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
"Yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etməkdən, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdan ibarətdir", - deyə agentlik bəyan edib.