Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur
Noyabrın 16-da IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.
1news.az xəbər verir ki, bu il “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşən forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək davam edəcək forumun təşkilatçıları Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətidir.
Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Forumun işçi proqramı “Tarixin mədəniyyət vasitəsilə dərki”, “Süni intellekt – mədəniyyət üçün təhlükə, yoxsa rifah”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” üç blokdan ibarətdir.
Forum çərçivəsində “Ümumi səhnə: teatrların əməkdaşlığı dünya mədəniyyətlərinin birləşməsinin simvolu kimi”, “Ənənələr – müasirdir. Müasir kontekstdə mədəni irsin qorunması və aktuallaşması təcrübəsi”, “Əcdadların vəsiyyət etdiyi irs. Etnomədəni sərvət – xalqların qarşılıqlı anlaşmasına yol”, “Dəyərlər – ənənəvi, alətlər – yeni: mədəniyyətin videooyunlarda populyarlaşması”, “Teatrda innovasiyalar və mədəniyyət sahəsində təhsilin gələcəyi” və s. mövzularda panel diskussiyaları, dəyirmi masalar, digər tədbirlər təşkil ediləcək.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın şimal paytaxtında ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.
Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyi nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları olacaq.
Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.