AMEA-nın Ümumi yığıncağı keçiriləcək
Noyabrın 29-da AMEA-nın Ümumi yığıncağı keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında qərar qəbul edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, son dövrlər bir tərəfdən müasir dünyanın elmi çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənərək Azərbaycan Milli Elmlər Akademiyasında çoxşaxəli islahatlar həyata keçirilməkdədir: "Bu islahatlar beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin milli-ideoloji əsaslar üzərində yenidən qurulması, elmi kadr potensialından daha səmərəli istifadə edilməsi, elmin, dövlətin sosial-iqtisadi, mədəni, xüsusən də ideoloji siyasətinin həyata keçirilməsində daha yaxından iştirakının təmin edilməsi, elmin normativ-hüquqi bazasının yeni elmi idarəetmə mexanizmlərinə uyğunlaşdırılması, elmin populyarlaşdırılması və təbliğinin yeni innovativ meyarlar əsasında təşkil edilməsi, elektron elmin inkişafı, elmi qurumların strukturunun optimallaşdırılması və s. istiqamətləri əhatə edir".
“Bu istiqamətlərdə islahatların həyata keçirilməsi üçün son vaxtlar AMEA-nın əsas kollegial icra orqanı olan Rəyasət Heyətində bir çox məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Lakin AMEA-nın Nizamnaməsinə əsasən, bir sıra məsələlərə, xüsusən struktur dəyişikliyinə aid müvafiq qərarları qəbul etmək və dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququ AMEA-nın Ümumi yığıncağının səlahiyyətinə aiddir”, - o qeyd edib.
Sonda AMEA-nın növbəti Ümumi yığıncağının noyabrın 29-da keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.