Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Cari ilin noyabr ayının 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
1news.az xəbər verir ki, İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə hər kəsi təbrik edib, xalqımıza daim inkişaf və rifah arzulayıb. Sonra sədr Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Daha sonra iclasda Bakı şəhəri 6 saylı Vəkil Bürosunun müdiri Elxan Aslanov uzun illər səmərəli vəkillik fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.
Həmçinin iclasda Vəkillər Kollegiyasının Akademiyasının ştat cədvəlinin təsdiq olunması məsələsinə baxılıb, Akademiyanın strukturu və əsasnaməsi təsdiq edilib.
Eyni zamanda iclasda KİV və sosial şəbəkələrdə vəkilin təbliğatı və reklamı ilə bağlı müvafiq tövsiyələrin hazırlanması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, habelə yerli qanunvericiliyin təhlili istiqamətində araşdırmanın aparılması barədə qərar qəbul edilib.
Bundan başqa, vəkillərin digər vəkil qurumlarına keçməsi barədə müraciətlərə baxılaraq müsbət qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.