“Şahdağ” Turizm Mərkəzi Qazaxıstanın “Şımbulak” Dağ Kurortu ilə əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO
Noyabrın 24-də Bakıda keçirilən Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində "Şahdağ Turizm Mərkəzi" QSC ilə Qazaxıstanın “Şımbulak” Dağ Kurortu arasında “Türk dünyası ölkələrində xizək turizminin inkişafı sahəsində gələcək əməkdaşlıq və Türk ölkələrinin xizək kurortları alyansının yaradılması niyyəti ilə Memorandum” imzalanıb.
1news.az xəbər verir ki, sənədi Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov və “Şımbulak” Dağ Kurortunun baş direktoru Rinat Abdraxmanov imzalayıb.
Memoranduma əsasən tərəflər xizək mərkəzləri arasında əlaqələrin qurulması və inkişafı, xizək turizminin inkişaf etdirilməsi üçün prioritetlərin müəyyən edilməsi, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mütəxəssis hazırlığı üzrə birgə proqramların işlənib hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.
Memorandumda, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təcrübə mübadiləsi, kurort-sağlamlıq istirahəti, idman və turizm sahəsində statistik, reklam xarakterli və digər informasiyaların qarşılıqlı mübadiləsi, birgə xizək yarışlarının, müştərək marketinq və tanıtım tədbirlərinin keçirilməsi, həmçinin tədbir, sərgi və konfranslar üzrə vahid təqvimin yaradılması nəzərdə tutulur.
Müqavilədə nəzərdə tutulan əsas məqamlardan biri də türk dünyasının bütün ölkələrinin xizək kurortları Alyansının yaradılması və türk ölkələrinin xizək kurortlarının yaradılacaq Alyansa cəlb edilməsidir.