AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar yaradacaq
"Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə Bakı-Milan istiqaməti üzrə səyahət edən sərnişinlər indi İtaliyanın məşhur “The Mall Firenze” və “The Mall Sanremo” ticarət mərkəzlərində xüsusi imkanlardan yararlana bilərlər.
1news.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, imtiyazlar AZAL və İtaliyanın lüks sinifli alış-veriş sahəsində ixtisaslaşan “The Mall Luxury Outlets” şirkəti arasında yeni əməkdaşlıq sayəsində mümkün olub.
Əməkdaşlıq sərnişinlərə “Gucci” butikinə və “Tax Free Lounge” zalına prioritetli giriş, həmçinin içkilər və birgə layihədə iştirak edən butiklərdə alış-veriş zamanı 10%-ə qədər endirim təqdim edir. Biznes sinifi sərnişinləri əlavə olaraq “V.I.P. Lounge by Poltrona Frau” zalına giriş imkanı əldə edirlər. Qeyd edək ki, bu üstünlüklərdən faydalanmaq üçün sərnişinlər minik talonlarını təqdim etməlidirlər.
İmtiyazlar Bakı ilə Milan arasında uçuş edən sərnişinlərin səfərlərini daha rahat və xoş etmək məqsədini daşıyır. AZAL müştərilərin gözləntilərini qarşılamaq və səyahətləri unudulmaz etmək üçün öz xidmətlərini genişləndirməyə davam edir.