Türkiyəli mütəxəssislər xidmət sahəsində çalışanlar üçün təlimlər keçirir - FOTO
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlərə start verilib.
Agentlikdən 1news.az-a verilən xəbərə görə, Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilən ekspert və təlimçilərin keçdiyi təlimlər 6 gün müddətində davam edəcək.
Təlimlər Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə 30 nəfərlik qruplara keçirilir.
Dövlət Turizm Agentliyinin regional turizm idarələrinin apardığı qiymətləndirmələr, o cümlədən Azərbaycan Hotel Assosiasiyasının tövsiyələri nəzərə alınmaqla təlimlərdə 105 nəfərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin 23 dekabr tarixində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının Bakıda keçirilmiş 2-ci iclasının nəticəsi olaraq ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, marketinq, kommunikasiya və turizm məhsulları, o cümlədən turizm təhsili və təlimi üzrə əməkdaşlığa dair qəbul olunan birgə Fəaliyyət Proqramının 8-ci maddəsinin 10-cu bəndinə əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycanda turizm sahəsində xidmət sferasında çalışan şəxslər üçün təlimlərin təşkil olunması qərarlaşdırılıb.