ADY-də rekord göstərici: ilk dəfə ilin 7 milyonuncu sərnişin daşındı - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb.
Qurumdan 1news.az-a verilən məlumata görə, Son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki, 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə 2 dəfədən çoxdur. Son iki ilə nəzər saldıqda isə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 7 milyonuncu sərnişin Sevil Əlimərdanovanı təbrik edərək bu münasibətlə ona ölkədaxili istiqamətlər üçün birinci sinif üzrə iki gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim edib.
Sərnişin S. Əlimərdanova da, öz növbəsində, ADY-yə təşəkkür edərək sürətli sərnişin qatarları ilə hərəkətin olduqca təhlükəsiz və rahat olduğunu bildirib.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 31 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə mənzilbaşına çatdırılır. Xidmətdə davamlılıq və keyfiyyətin təmin edilməsi istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış 10 yeni FLIRT qatarından dördü artıq ölkədədir, altısının isə gələn il ərzində ölkəyə gətirilməsi nəzərdə tutulub. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş bu on qatardan dördü yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. Bu da gələn il marşrutlar üzrə əlavə 300 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq imkanı yaradacaq.