yashat.gov.az portalı və 8110 Çağrı mərkəzinin fəaliyyətə başlamasından 3 il ötür
2021-ci il yanvarın 8-də "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı mərkəzi fəaliyyətə başlayıb.
Bu günə qədər Çağrı Mərkəzinə 192 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 40 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 20 minə yaxını şəhidlərimizin ailə üzvlərinin, 20 mindən çoxu isə yaralılarımızın müraciətləridir.
Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
"YAŞAT" Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədinə xidmət edir.