Baş prokuror yanğının ilkin başvermə səbəblərindən danışdı: “Araşdırmaq üçün bir qədər vaxt lazımdır”
“Hadisə gecə saat 3:05-də başlayıb. İlk olaraq Nöbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və tədbirlər görülüb”.
1news.az REAL TV-yə istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.
"Qısa müddət ərzində yanğın söndürülüb, qarşısı alınıb. Təəssüf hissi ilə qeyd edirik ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb, onlar intensiv terapiya şöbəsində, küvəz aparatlarının içərisində olan körpələr olub. Hadisələri diqqətlə araşdırmaq üçün bir qədər vaxt lazımdır. Təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər görüləcək. İlkin ehtimala görə yanğın elektrik mənşəlidir. Küvəz aparatları elektriklə işləyir, güman edirik ki, onların istismarında pozuntular olub. Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının ilkin əlamətlərini görürük”.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub. Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.