Azər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEO
Azərbaycanın tanınmış aktyoru və ssenaristi, «Əqrəb mövsümü» serialının ulduzu Azər Aydəmir 11 əl əvvəl Nicat Xəlilov tərəfindən təsis edilmiş və aparıcı Azərbaycan və beynəlxalq şirkətlərlə əməkdaşlıq edən “ArtBakers” reklam agentliyinin baş direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, idarəetmə sahəsində uğurlu təcrübəyə malik olan Azər Aydəmir uzun müddət Azərbaycanda bir sıra avtomobil brendlərinin idarəedici direktoru olub, həmçinin restoran və mehmanxana sferasında sahibkarlıq fəaliyyəti ilə məşğul olub və ondan sonra həyatını kinoya bağlayıb.
“Reklam və yaradıcılıq mənə çox yaxın olduğu və əsas fəaliyyətim olan kino ilə bu və ya digər şəkildə kəsişdiyi üçün, dostum Nicat Xəlilovdan “ArtBakers”ə rəhbərlik etmək təklifi aldım”, – deyə Azər Aydəmir bu gün Azərbaycanın reklam bazarındakı vəziyyətdən narazı olduğunu bildirərək, “ArtBakers” komandası ilə birgə müəyyən şablon və stereotiplərdən uzaqlaşmaq və reklam biznesində inqilab etmək niyyətində olduğunu qeyd edir.
“Belə deyək, mən bir tamaşaçı kimi ekranda eyni şeyləri görməkdən yoruldum – reklam sferasında yeni səviyyəyə çıxmağın zamanı yetişib və mən artıq “ArtBakers”in baş direktoru olaraq, öz yaradıcı komandamla birlikdə bunu etmək niyyətindəyəm. Planlarımız böyükdür, çünki biz kreativlə yanaşı, müasir Azərbaycan reklamına VFX, CGİ, Aİ və s. kimi texnoloji həll yolları və innovasiyalar gətirməyi və beləliklə reklam kontentini həqiqətən fantastik etməyi düşünürük”, – deyə Azər Aydəmir davam edərək, rəhbərlik etdiyi agentliyin təkcə reklam yaradılması ilə deyil, həm də onun yerləşdirilməsi ilə məşğul olduğunu qeyd edir.
A.Aydəmirin “ArtBakers”in baş direktoru vəzifəsinə gəlişi ilə agentlik, yuxarıda qeyd olunduğu kimi, daha kreativ və innovativ xarakter daşıyacaq reklam sahəsində fəaliyyətini davam etdirməklə yanaşı, kinofilmlərin çəkilişinə də müəyyən diqqət yetirəcək. Onu da xüsusi olaraq vurğulayaq ki, “ArtBakers” və Azər Aydəmirin əməkdaşlığı çərçivəsində artıq böyük rezonans doğuran və agentliyin ilk kinematoqrafik vizit kartına çevrilmiş “Viktoriya” filmi çəkilmişdir. Təfərrüatları yaxın gələcəkdə açıqlanacaq böyük bir film layihəsi üzərində artıq işlərə başlanılıb.
Həmçinin “ArtBakers” genişmiqyaslı tədbirlərin planlaşdırılmasını və təşkilini davam etdirəcək və bu yaxınlarda Laçında 8 noyabr Zəfər Gününün möhtəşəm qeyd olunması çərçivəsində Bayraq Marşı və Dekabr Yeni İl yarmarkası keçirilmişdir. Xüsusi olaraq vurğulayaq ki, erməni işğalından azad edilmiş Laçında ilk yeni il tədbirinin keçirilməsi məhz A.Aydəmirin rəhbərliyi altında “ArtBakers” komandasına həvalə edilmişdi.
“Biz “Artbakers”in yaxın keçmişdə Laçında baş tutan tədbirləri həyata keçirməsi ilə fəxr edirik – böyük uğur qazanmış bu bayram tədbirlərinin bir hissəsi olmaqdan şərəf duyuruq. Bundan sonra da ölkə boyu səyyar mini-yarmarkaların və ümumiyyətlə, istənilən mürəkkəblikdə tədbirlərin keçirilməsini planlaşdırırıq”, – deyə A.Aydəmir Laçındakı event’lərin onun və “ArtBakers” komandası üçün böyük və qiymətli təcrübə olduğunu söyləyərək vurğulayır.
“Biz qarşıya qoyulan bütün məqsəd və planlarımızın öhdəsindən gələcək, inkişaf edəcək və reklam, kino, tədbirlərin təşkilatı və keçirilməsi sahələrində yeni üfüqlər fəth edərək, hər kəsi işimizlə xoş təəccübləndirəcəyik”, – deyə A.Aydəmir sözünü yekunlaşdırır.
Həmçinin “ArtBakers” reklam agentliyi loqotipini tamamilə yeniləyərək, uğurla rebrendiq etdi ki, bu da brendə yeni üslublu və aktual görünüş bəxş etməklə yanaşı, vizual bütövlüyünü gücləndirdi və yaradıcılığa innovativ yanaşmasını vurğulamış oldu.