Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün təlim keçirildi - FOTO
Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib.
1news.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrini salamlayıb və İnstitutun fəaliyyəti haqqında onlara ümumi məlumat verib. Sədr insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində İnstitutun gördüyü işlərin mütəmadi olaraq mətbuatda işıqlandırılmasında media nümayəndələrinin böyük rolu və əziyyəti olduğunu bildirib. M.Quluzadə qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə rast gəlinən insan hüquqları pozuntularının aradan qaldırılması məqsədilə təşkil olunub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında İnstitutun insan hüquq və azadlıqlarının qorunması istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsünü yüksək dəyərləndirib, keçirilən təlimin jurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və yayımı fəaliyyətində peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət etydiyini bildirib. Ə.İsmayılov Medianın İnkişafı Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış ediblər.
Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.