Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri seçilib

Qafar Ağayev19:45 - 29 / 02 / 2024
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri seçilib

Fevralın 29-da Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının (DMHİ) XXIV Hesabat-Seçki Konfransı keçirilib.

1news.az xəbər verir ki, konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin birinci müavini Əlirza Süleymanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və ADY-nin müvafiq departament, idarə və şöbələrinin rəhbərləri, eləcə də Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Kosalapov Gennadiy Nikolayeviç iştirak ediblər.

Konfransda 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədər görülmüş işlərin və Təftiş-nəzarət komissiyasının hesabatı dinlənilib.

DMHİ-nin sədr müavini Fətəli Bəyimov hesabat dövrü ərzində görülən işlər haqqında ətraflı məlumat verib. O, “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin dəmir yolunun inkişafı istiqamətində göstərdiyi xidmətlərə həsr olunmuş tədbirlərdən, o cümlədən Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzində görülmüş yenidənqurma işlərindən və dəmiryolçuların idman spartakiadasının uğurla keçirilməsindən söz açıb.

F.Bəyimov bildirib ki, dəmiryolçuların sosial mənafelərinin qorunması istiqamətində davamlı tədbirlər görülür, o cümlədən vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının sosial rifahının yüksədilməsi daim diqqətdədir.

Daha sonra ADY sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edərək DMHİ-nin fəaliyyətinin vacibliyini vurğulayıb.

Həmkarlar İttifaqı Beynəlxalq Konfederasıyasının baş katibi Gennadiy Kosalapov də konfransda çıxış edərək DMHİ-nin gördüyü işləri yüksək qiymətləndirib. O, ADY-ni işəgötürən olaraq yüksək qiymətləndirib. ADY-də orta əmək haqqının son illərdə gözəçarpan dərəcədə artdığını qeyd edib.

AHİK sədrinin müavini C.Alxasov ADY-nin DMHİ ilə birgə gördüyü işlərin dəmiryolçular üçün böyük əhəmiyyətindən bəhs edib.

Konfransın gündəliyinə uyğun olaraq DMHİ-nin sədri, müavini və yeni Təftiş-nəzarət komissiyası üzvlərinin seçilməsi müzakirəyə çıxarılıb.

Açıq səsvermə ilə Vaqif Bədəlov yenidən DMHİ-nin sədri, Fətəli Bəyimov isə sədrin müavini seçilib.

Paylaş:
305

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər