ADY: Modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yekunlaşır - FOTO
Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən 1news.az-a verilən xəbərə görə, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95%-i uğurla yekunlaşıb. Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir.
Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.
Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün 2 mart tarixində Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə layihəyə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov aparılan təmir-genişləndirmə işləri ilə bağlı bildirib ki, BTQ-nin çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının sağlamlaşdırılması, onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas işlər yekunlaşıb: “Məqsədimiz BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırmaq, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməkdir. Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır. ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”.
Türkiyə dəmir yolları idarəsinin rəhbəri Veysi Kurt bildirib: "Bu gün artıq bir daha şahidi olduq ki, işlər həqiqətən də yüksək səviyyədə həyata keçirilir və yaxın zamanda biz yüklərin daşınmasına başlayacağıq".
BTQ layihəsi üzrə işlər 5 hissədən ibarətdir. Onlardan 3-nün tamamlanması həyata keçirilmiş və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilmişdir.
Qeyd edək ki, BTQ layihəsinin I hissəsi üzrə 29,2 km uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə 3 dəmir yol stansiyası, 2 dartı yarımstansiyası, 4 sərnişin platforması və 38 km kontakt şəbəkə xətti üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi və digər genişləndirmə işləri sona çatdırılıb. Bu hissə üzrə layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair Gürcüstan Hökumətindən rəsmi sənəd əldə edilmişdir.
49,7 km uzunluğuna malik II hissə - Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə 3 dəmir yolu stansiyası, 3 sərnişin platforması və 2 dartı yarımstansiyası, 5,9 km uzunluğu olan qardan qoruma hasarları üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması həyata keçirilmişdir. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair rəsmi sənəd əldə edilmişdir.
74,1 km uzunluğa malik III hissə - Tsalka-Axalkalaki dəmir yolu xətti üzrə 4 dəmir yolu stansiyası, 3 dartı yarımstansiyası, 4 sərnişin platformasında işlər tamamlanmış, hazırda 4 qardan mühafizə qaleriyasında (tuneldə) təmir işləri davam etdirilir. Cari ilin mart-aprel aylarında bu hissədə nəzərdə tutulmuş işlərin tam yekunlaşdırılması gözlənilir.
Baş yolunun ümumi uzunluğu 27 km olan IV hissə - Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşdırılmışdır. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş işlər yekunlaşmış (yalnız tuneldə qalan işlər aprel ayında tamamlanacaq) və tamamlanmasına dair rəsmi sənəd əldə edilmişdir.
Bununla yanaşı, 110 ha sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihənin 5-ci hissəsini təşkil edir. Bu hissə çərçivəsində bir estakada, 2 suötürücü, 4 körpü, 2 yol ötürücüsü və 2 yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s. işlər görülmüşdür. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub. Hazırda avadanlıqların təchizatı, abadlıq və son tamamlama işləri həyata keçirilir.
Qeyd edək ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2400 m hündürlükdə aparılır), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına manelər törətməyib. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
ADY sədri Rövşən Rüstəmov sözügedən xəttin tam potensialı ilə işə düşməsi ilə bağlı bildirib ki, yerdə qalan işlərin aprel ayında tamamlanması istiqamətində bütün resurslar səfərbər edilib: “Layihə üzrə işlər tam başa çatdırıldıqdan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq, bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcəkdir. Artıq bu istiqamətdə işlərə başlanılmış və qarşıdakı aylarda birgə müəssisənin yaradılması həyata keçiriləcəkdir”.
Qeyd edək ki, Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu yoldan istifadəyə tələbat xeyli yüksəlib.