Bakı metrosunda əlavə yükləmə terminalları yerləşdirilib - FOTO
"Bakı Metropoliteni" QSC-nin iki stansiyasının texniki zonasında əlavə yükləmə terminalları yerləşdirilib.
1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sərnişin məmnunluğunun artırılması, təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə Bakı metropolitenində sərnişindaşıma ilə əlaqədar bütün sahələrdə monitorinqlər davam etdirilir. Həmçinin, bu il ölkəmiz üçün BMT-nin İqlim Dəyişikliklərinə dair Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) keçirilməsi də nəzərə alınmaqla, aidiyyəti qurumlarla birlikdə əlaqəli fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Həm sərnişin məmnunluğu, həm də COP29-la əlaqədar məsələlərin həlli ilə bağlı yanvar ayının son günlərindən başlamaqla metropolitendə ödəniş sisteminin tətbiq edilməsi üzrə məsul qurumla birgə fəaliyyət planı hazırlanıb.
Monitorinqlər əsasında Bakı metrosunun stansiyalarında “BakıKart” terminallarının yerləşdirilməsi və əlavə zəruri tədbirlər müəyyən edilib. Bu xüsusda təkcə Bakı metropoliteni deyil, eyni zamanda, bir sıra stansiyaların yaxınlığında yerləşən yerüstü ictimai sərnişindaşıma nəqliyyatı dayanacaqlarından istifadə edənlərin tələbatı da öyrənilib.
“Sahil” və “28 May” stansiyalarında zəruri ehtiyac yarandığından, “BakıKart” plastik kartlarının yüklənməsi ilə bağlı metro istifadəçisi olmayan sərnişinlərin rahatlığını təmin etmək məqsədilə girişlərə yaxın olan texniki zonaların hər birində əlavə 2 ədəd yükləmə terminalları yerləşdirilib. Bu isə sərnişinlərin Bakı metropoliteninə daxil olmadan kartın alınması və gediş haqqının yüklənməsi ilə bağlı rahatlığını təmin edib. Eyni zamanda həmin stansiyalarda sərnişinlərin vestibüllərdə daha rahat hərəkəti, terminallardan daha çevik istifadə etməsi, axın üzrə sərnişinlərin daha operativ yoxlanılması və yönləndirilməsi təmin edilib.
Hazırda digər istiqamətlər və məsələlər üzrə monitorinqlər və tədbirlər davam etdirilir. Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində gediş haqqının yeni ödəmə üsulları və imkanlarının, karta vəsaitin daha çeşidli vasitələrlə yüklənməsi, elektron imkanların yeni tətbiqlərlə genişləndirilməsi və s. istiqamətlərdə işlər görülür.