Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı münasibətilə fətva verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı münasibətilə fətva verib

Qafar Ağayev12:00 - 07 / 03 / 2024
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı münasibətilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib.

1news.az xəbər verir ki, fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini Uca Allah-Təaladan diləyir. Ramazan ayı və orucu İlahi əmrdir, bu barədə Qurani-Kərimdə belə buyurulur:

“Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun...” (Bəqərə, 185).
Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə raz-niyaz edirik ki, Qurani-Şərifin nazil olduğu, min aydan xeyirli Qədr gecələrinin qərar verildiyi mübarək Ramazani-şərifdə vacib oruc ibadətimizi layiqincə yerinə yetirməkdə və fəzilətləri ilə əxlaqımızı kamilləşdirməkdə yardımçımız olsun! Əziz Peyğəmbərimiz (s) belə buyurmuşdur:


“Ramazan ayı daxil olduğu zaman səmanın qapısı açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər”.
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/33 saylı və 28 fevral 2024-cü il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcəkdir, inşallah!
Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcəkdir. Ramazani-şərifin gəlişi münasibətilə sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı ilə ən yeni Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.
Əziz müsəlman qardaş və bacılar! İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Xüsusi olaraq bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir.
Rəhman və Rəhim Allahdan duamız budur ki, yeni dövrünü yaşayan ölkəmizi və xalqımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin, bu mübarək ayın xeyir və bərəkətindən Vətənimizin və millətimizin nəsibini versin! Qadir Allah oruc və namazlarımızı qəbul etsin, bizi məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Paylaş:
498

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər