“Azərxalça” ASC ən yaxşı toxucularını mükafatlandırdı
Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.
Tarixi işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib.
“Azərxalça” ASC Azərbaycanın ən çox qadın işçisi olan qurumlarından biri hesab olunur. Qurumda çalışan 605 nəfər işçidən 436 nəfəri Azərbaycanın müxtəlif regionlarında çalışan toxucu xanımlardır.
Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarət olsa da, toxuculuq qabiliyyətinə sahib qadınların çalışması, sosiallaşması, ictimayyətin aparıcı qüvvəsinə çevrilməsi Cəmiyyətin qarşısında duran digər müqəddəs vəzifələrdən biridir.
Regionlarda çalışan, toxumaq qabiliyyəti olan, gözünü açıb toxuculuqla böyüyüb boya-başa çatan, bu işin sirrlərinə dərindən bələd olan hər bir toxucu xanıma çatmaq, onları “Azərxalça” ASC- nin regionlarda fəaliyyət göstərən müəssisələrinə işə cəlb etmək, daha yaxşı çalışması, toxuması üçün onları həvəsləndirmək, öz sənətini daha gənc və toxuma aruzusu olanlara ötürməyə ruhlandırmaq öndə duran ən vacib məsələlərdən biridir.
Bu məqsədlə “Azərxalça” ASC 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 14 müəsissəsində çalışan 16 ən yaxşı toxucusu üçün iki günlük gəzinti və istirahət günü təşkil edib. Öncə Bakıya gələn toxucularla Cəmiyyətin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda İdarə Heyətinin Sədri Emin Məmmədovla görüş təşkil olunub.
Görüş zamanı hər bir xanımla diqqətlə maraqlanan İdarə Heyətinin sədri Emin Məmmədov çıxışı zamanı: “Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. İlk olaraq bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Bildirim ki, bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. Bilirsiz ki, 2016-cı il may ayının 5-də Cənab Prezident İlham Əliyev “Azərxalça” ASC- nin yaradılması ilə bağlı Sərəncam imzaladı. Bununla o, xalçaçılıq sənəti ilə yanaşı bu işlə məşğul olan hər bir kəsin Azərbaycan üçün vacib nə dərəcədə vacib olduğunu bir daha təsdiqlədir. Biz də Cənab Prezidentin bizə olan bu etimadını doğrultmalı, xalçaçılığın inkişafı üçün birlikdə əlimizdən gələnin ən yaxşısını etməliyik.
Əziz, toxucular mən sizə öz sənət yolunuzda uğurlar arzu edirəm, həyatınız da toxuduğunuz rəngarəng, yüksək keyfiyyətli xalçalar kimi gözəl olsun. “Azərxalça” sizinlə birlikdə yüksəlsin və inkişaf etsin. Siz bizim üçün çox dəyərlisiniz!” bildirib.
Daha sonra toxucular və Cəmiyyətin bir qrup kollektivi İçərişəhər və Azərbaycan İncəsənət Muzeyində gəzintidə olublar. Tariximizin nadir xalça nümunələri ilə tanış olub, heyrətlərini gizlətməyiblər.
Xatırladaq ki, “Azərxalça” ASC qadın toxucuların inkişafı, yüksək keyfiyyətli və yeni, fərqli texnikalarda toxumaları üçün daim müxtəlif təlimlər təşkil edir. Uzun müddət yalnız yun xalça toxunan Cəmiyyətdə artıq bir ildən çox müddətdir ki, ipək xalçalar toxunur.
Son bir ildə “Azərxalça” ASC xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan, “Architectural digest”jurnalına əsasən dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayneri Yan Katla sıx əməkdaşlıq edir.
Dizaynerin ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı, Azərbaycanda “Azərxalça” ASC-nin emalatxanalarında toxunan müasir “Azer Pulse” xalça kolleksiyası hazırda dünyanın müxtəlif nöqtələrində Yan Kath xalça showroomlarında satılır. Məhz bu kolleksiyaya daxil olan xalçalar sahəsində toxucular kilim və 3D üslubunda xalçalar toxumaq üçün uzun müddət təlimlər aldılar və vəzifələrinin öhdəsindən çox yaxşı gəldilər.
Toxucuları həvəsləndirmək və inkişafına dəstək olmaq üçün Cəmiyyətdə diferensial maaş sistemi, bonus proqramları da tətbiq olunur.
Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb.
Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıb.
Bütün qadınları gözəl günləri münasibəti ilə ürəkdən təbrik edirik!