Azərbaycanda avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində martın 18-dən 26-na kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
"Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək",- AYNA bildirir.