Daha 153 nəfər Füzuliyə yola salınıb - FOTO
Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərinə martın 15-də daha 35 ailə (153 nəfər) yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, köçürülən ailələrdən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.
Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, budəfəki köç də daxil olmaqla Füzuli şəhərində 562 ailənin (2120 nəfər) məskunlaşması təmin edilib.