DYP yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib
Son günlər yük daşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirib.
Xatırladaq ki, yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir ki, bu da yükün yola dağılması, habelə avtomobilin özünün aşması ehtimalını dəfələrlə artırır.
Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir, bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığını və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.