“77 yaşlı alimin küçədə ölməsinə imkan verməyin...” - Fotolar
Professor Fazil Qaraoğlu bir neçə gündür ki, küçədə gecələyir. Alimə kömək ediləcəyi ilə bağlı məlumat verilsə də, onun hələ də evsiz-eşiksiz olduğu, ayağındakı ağrılardan əziyyət çəkdiyi məlum olub.
1news.az xəbər verir ki, onunla bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da paylaşım edib.
O qeyd edib ki, F.Qaraoğlunun yanına gedərək onunla söhbətləşib, alimə hoteldə qalmağı təklif etsə də, o imtina edib. Səbəb isə əl yazmalarını, illərcə topladığı sənədləri küçədə qoyub gedə bilməməyi olub: “ Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. Artıq 4 gecədir, küçədə gecələyir”.
Ş.Xuduoğlunun sözlərinə görə, alim “Ermənilər və Həqiqətlər- sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib: “Bununla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir kirayələrdə yaşayır”.
“Quran kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib bir insandır. Amma bu nəcib insanı məhz elə bu gecə itirə bilərik. Ona mütləq ev verilməlidir, o yaşamalıdır”, - deyə Ş.Xuduoğlu qeyd edib.
“Ali & Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə əlavə edib ki, alimin vəziyyəti yaxşı deyil, onun ayaqlarında da problem var.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, məsələ diqqətdədir, məlumat veriləcək.
Qeyd edək ki, professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcimdir. Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır.