DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri Cenevrədə nümayiş etdirilir
Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Cenevrə Ofisi, Cenevrədə yerləşən “ASK” (“All Special Kids”) təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşəbbüsü ilə Cenevrədə Millətlər Sarayında 2 aprel -Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş sərginin açılışı olub.
1news.az xəbər verir ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının 70-ə yaxın əl işi nümayiş etdirilir.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və “ASK” (All Special Kids) təşkilatının rəhbəri Dr. Cenifer Hollovay sərginin açılış mərasimində çıxış ediblər. Tədbirdə autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası və uyğunlaşması istiqamətində maarifləndirmə işlərinin artırılmasının zəruriliyi qeyd edilib. Sərginin təşkilində məqsəd xüsusi istedada malik belə şəxslərin yaradıcılığının tanıdılması, bacarıqlarının reallaşdırılmasına imkan yaratmaqdır.
Mərkəzin nümayəndələri tərəfindən tədbir iştirakçılarına qurumun fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, hazırda Mərkəzdə həssas əhali qruplarına aid 180 nəfərdən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub. Mərkəzin fəaliyyət müddəti ərzində 330 nəfərdən çox əlilliyi olan, o cümlədən 50 nəfərə yaxın autizm spektrli şəxsə xidmət göstərilib.
Açılış mərasimində iştirak edən Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız Azərbaycan rəssamlarının əl işləri ilə tanış olublar. Mərkəzin benefisiarlarının rəsm əsərləri, floristika və keramika nümunələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin autizm spektrli benefisiarlarının əl işlərinin sərgidə nümayiş etdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edilib.
Ekspozisiya aprelin 9-dək Cenevrədə Millətlər Sarayında nümayiş etdiriləcək.