Sumqayıt–Pirşağı sahəsində aparılan təmir işləri ilə bağlı qeyri-pik saatlarda qatar reyslərinin sayı azaldılır - CƏDVƏL
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə 6 aprel 2024-cü il tarixindən etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə başlayır.
ADY-dən 1news.az-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində dəyişliklər edilir.
Belə ki, həftəiçi Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 09:30-da, saat 10:00-da və saat 14:50-də, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 10:00-da, saat 10:45-də və saat 12:00-da, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 11:35-də, saat 15:30-da və saat 17:40-da, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 12:10-da, saat 15:25-də və saat 16:35-də yola düşən qatarların hərəkəti sentyabr ayına kimi müvəqqəti dayandırılır.
Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur.
İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.
Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqaməti üzrə, həmçinin günün pik saatlarında Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.
Yük və sərnişin daşımalarında etibarlı tərəfdaş kimi çıxış edən ADY davamlı olaraq infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Xidmət sahələrində davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.