İham Əliyev: Konqo Respublikası ilə əməkdaşlıq gündəliyimiz kifayət qədər genişdir
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir.
1news.az xəbər verir ki, bunu aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüş zamanı bildirib.
“Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.
Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.
Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək” – dövlət başçısı qeyd edib.