Müğənni Rəqsanə Rusiyada saxlanılması barədə məlumatlara aydınlıq gətirib - YENİLƏNİB
Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
1news.az APA-ya istinadən xəbər verir ki, müğənni yayımladığı videomüraciətində saxlanılması barədə Rusiyanın "ВЧК-ОГПУ" Teleqram kanalının yaydığı məlumatı təkzib edib.
O, hazırda Moskvada olduğunu bildirib və əlavə edib ki, aprelin 10-dan sonra Azərbaycana qayıdacaq.
***
15:14
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Qeyd olunub ki, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb. O, Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işində şahid qismində dindirilib.
İstintaqın versiyasına görə, İsmayılova Qurbanov soyadlı şəxsə Smirnovaya verməsi üçün 650 min rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.
2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.