“Yol hərəkəti qaydalarını bilmək və ona əməl etmək vacibdir” devizi altında tədbir keçirilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təhsil müəssisələrində aparılan maarifləndirmə işlərinin daha geniş vüsət alması istiqamətində tədbirlərini davam etdirir.
1news.az xəbər verir ki, növbəti belə tədbir Bakı Şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nəsimi rayonunda yerləşən 5 nömrəli tam orta məktəbdə keçirilib.
Yüzdən çox məktəblinin, eləcə də valideyn və təhsil işçilərinin iştirakı ilə keçirilən görüşlərdə çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbirdə məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub və onları maraqlandıran suallar cavablandırılıb.