FHN Suraxanıda məktəbdə təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
1news.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak edib.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə “ilkin yardım göstərilib”.
Həmçinin, ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı məktəbin meydançasında şərti sahibsiz şübhəli əşya qismində bağlama aşkar edilib. Müayinə nəticəsində çantanın içində “partlayıcı maddə”nin olması təsdiqlənərək yerində zərərsizləşdirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.