Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldı
Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.
Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.