Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO
Bakının Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Baku Food Center" MMC-yə məxsus “Keşlə” bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Bazarda quş kəsimi məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satıldığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib edilib. Bazar daxilində fəaliyyət göstərən quş kəsimi məntəqəsində istehsalın dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən sərt tədbirlər görüləcək.