Bakı-Gəncə-Bakı istiqamətində yeni avtobuslar istifadəyə verilib
Bakı-Gəncə-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata əsasən, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.
Belə ki, mayın 27-dən etibarən sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.
Məlumatda qeyd olunub ki, “Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.