Bakıda “Force of Love” yaz festivalı keçirilib - FOTO
Mayın 24-dən 26-dək Space_____13 incəsənət məkanında Bakı sakinlərinə və qonaqlarına unudulmaz bayram bəxş edən “Force of Love” festivalı baş tutdu.
Festivalın əsas məqsədi insanları övladları və dostları ilə bir araya gətirmək və onların əylənməsi üçün imkan yaratmaq idi.
Festivalın ilk günündə kətan boyama, sabunqayırma və bəzək, robototexnika, dulusçuluq, eko çanta dizaynı, ətir istehsalı, çayçılıq, boşqab bəzəyi, gül əkilməsi və zumba rəqsi üzrə ustad dərsləri keçirildi.
Festivalın ikinci günündə qonaqlar stretchinq, kofe boyama, kağız kuklaların hazırlanması, boşqab boyama, şüşə və vitraj boyama, baçata rəqsi ustad dərslərində iştirak etdilər. Jurnalın baş redaktoru, “Force of Love” festivalının ideya müəllifi Ülviyyə Mahmud natürmort rəsmləri üzrə Still Drawing ustad dərsi keçdi. Əlavə fəaliyyətlərə Becausenever-dən (Toğrul Məhərrəmli) köynək üzərində qrafiti və Firuzə Sultanzadədən “Zero Waste” adlı ekoloji master-klasslar daxil idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində Mədəni və Yaradıcı Sənayelərinin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan festival iştirakçılarının arzularını gerçəkləşdirməsinə fürsət yaradaraq onları musiqi, rəqs, teatr, yumor, dizayn, memarlıq, dəb, sənətkarlıq, təsviri incəsənət, kino, video, fotoqrafiya, ədəbiyyat, nəşriyyat, televiziya, radio, reklam, oyun və yaradıcılıq texnologiyaları üzrə istedadlarını nümayiş etdirməyə dəvət etdi. Mərkəz tərəfindən “Cultech” (mədəni startaplar), “GameTech” (oyun texnologiyaları), sketçinq üzrə ustad dərsi təşkil olunmuş, Əhməd Nəbiyevin və “Atide” brendinin əsərləri sərgilənmişdir.
Bundan əlavə, festivalda “f37 Union” icmasını təmsil edən gənc fotoqrafların əsərləri nümayiş etdirildi.
Ustad dərslərinin təşkilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi dəstək göstərmişdir.
Həmçinin festivalı ziyarət edən şəhərimizin sakinləri və qonaqları müxtəlif incəsənət əsərləri, kitablar, fotoşəkillər, vintaj zərgərlik məmulatları, vinil plastinkalar, ev və gözəllik məhsulları, geyimlər, vintaj çantalar əldə etmək, müxtəlif yeməklər və içkilərdən zövq almaq imkanından yararlandılar. Festivalı təxminən 2800-3000 nəfər ziyarət edib.
Mayın 26-da tədbirin bədii hissəsi baş tutdu. Space_____________13 məkanının səhnəsində Stand-up komediyaçıları Cavid Qurbanov (“Comedy Club”, “HB”, “Naşa Raşa” nın ssenari müəllifi, “Bakılı Oğlanlar” KVN komandasının ssenaristi) və Roman Orkodaşvili (rejissor, ssenarist, yazıçı, redaktor, “Nə? Harada? Nə vaxt?” layihəsinin iştirakçısı) çıxış etdilər. Gecə Becausenever-in musiqi seti ilə başa çatdı.