Ülviyyə Axundovanın “Asudə məkan”ı - FOTO
Yeni təcrübələrin fasilə və təşvişlər yaratması fonunda, asudə bir məkanda qalmaq sizə, narahatlıqları məhdudlaşdırmaq və özünəinam hissindən ilhamlanaraq, artıq əldə etmiş olduğunuz təcrübələrdən yararlanmaq imkanları qazandırır.
Ülviyyə Axundovanın “Asudə məkan” sərgisi seyrçiləri ecazkar relaksasiya aləminə baş vurmaqla, onları bu aləmin bəxş edəcəyi füsunkarlıqların xatirəsinə dalmağa səsləyir. Müxtəlif bədii üslublar vasitəsilə asudəliyin mahiyyətini nəzmə çəkən Ülviyyə, sükutlar dünyasında kəşf edilən gözəllikləri seyrçilərə məharətlə təqdim edir. Onun yaratdığı əsərlər etdiyi səyahətlərinin zahiri mənzərələrini əks etdirməklə yanaşı, duyğuların və xatirələrin daxili mənzərələrinə də varır ki, bununla da o, seyrçinin yaşam təcrübəsi boyunca onun zövqünün adicə bir təsəlli və bəxtiyarlıq məqamında əks olunan fərdi bir hekayətini canlandırmasına təkan vermiş olur.
“Asudə məkan” seyrçiləri onların ətrafında cərəyan edən məqamların hamar və rahat bir atmosferində və eləcə də, nostalji duyğulara köklənən bir məkanda sığınacaq tapmaq üçün valehedici bir məharətin məhsuludur. "Asudə məkan" anlayışı özündə insanın özünü təhlükəsiz, rahat və öz qabında hiss etdiyi bir aləm və ya vəziyyəti ehtiva edir. Ülviyyənin ustalıqla ərsəyə gətirdiyi sənət əsərlərindən axıb gələn hərarət, əmin-amalıq və məmnunluq hissləri seyrçini duyğusal və məhrəm xatirələrin füsunkarlığına və eyni zamanda relaksasiyanın həzzinə qərq edir.
Ülviyyə Axundova sənəti onun yaşadığı həyatın ayrılmaz bir hissəsi hesab edir. O, öz yaradıcılığı ilə fərdi duyğularını ifadə edir və təhtəlşüur olaraq, müxtəlif təcrübələri, emosiyaları və həyat fraqmentlərini seyrçilərə bir hekayə toplusu qismində təlqin etdirir. Bu təcrübələr və əlamətdar hadisələr onun üçün xüsusi bir məna kəsb edir və onun etdiyi səyahətlərin nəqli ilə bir ahəng təşkil etməklə, onun keçdiyi həyat yolundakı özünəməxsus ləpirini canlandırır. Onun yaradıcılığını varlığın fəlsəfi bir kəşfi kimi təsvir etmək olar.
Bütün sənətsevərləri may ayının 29-da, saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına qalereyasında Ülviyyə Axundovanın “Asudə məkan” adlı fərdi sərgisinin rəsmi açılışında iştirak etməyə dəvət edirik. Sərgidə rəssamın 40-dan artıq rəsm əsəri nümayiş etdiriləcək və sözügedən sərgi 5 iyun 2024-cü il tarixinə kimi seyrçilərin zövqünü oxşamaqda davam edəcək.
RƏSSAM HAQQINDA
2000-ci ildə Bakıda anadan olmuş Ülviyyə Axundova çoxşaxəli bir rəssam, rəngkar, rəssamlıq kuratoru və rəsm sahəsi üzrə məsləhətçidir. O, London İncəsənət Universitetində İncəsənət Rəssamlığı üzrə təhsil alıb və Sotbi (Sotheby's) İncəsənət İnstitutunda İncəsənət Biznesi üzrə magistr dərəcəsinə yiyələnib. Artıq 2024-cü ilə qədər o, bədii yaradıcılıq səhnəsinin görkəmli bir simasına çevrilmişdi və hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Ülviyyə 2020-ci ildən 2023-cü ilə qədər üç sərginin kuratoru olmuşdur və o, 2023-cü ilin dekabr ayında “DETENTE” adlı fərdi sərgisini keçirərək, həmin sərgidə özünəməxsus dünyagörüşünü və sənətkarlığını nümayiş etdirməyə müvəffəq olmuşdur. Ülviyyənin rəsm aləminə verdiyi töhfələr onun yaradıcılığında strateji düşüncələrə körpü olmaqla, onun əsərlərinin bir-biri ilə həmahəng bir dialoqunun bariz nümayişini təcəssüm etdirir.