Azərbaycan Braziliyanın Beynəlxalq Milli Mətbəx və Mədəniyyət satış sərgisində təmsil olundu
Bu il ölkəmiz ilk dəfə olaraq Braziliyanın paytaxtında keçirilən Beynəlxalq Milli Mətbəx və Mədəniyyət satış sərgisində təmsil olundu. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları Qrupu və Braziliyanın Federal Dairəsinin (paytaxt və ətraf əraziləri əhatə edir) icra hakimiyyəti tərəfindən ənənəvi olaraq hər il təşkil olunan bu sərgidə 70-dən artıq ölkə iştirak edir, öz kulinariyası, mədəniyyət və sənətkarlıq nümunələrini təqdim edir. Paytaxt Brazilia şəhərinin İncəsənət Muzeyində keçirilən sərgini hər il minlərlə insan ziyarət edir.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə ilk dəfə ölkəmiz Beynəlxalq Milli Mətbəx və Mədəniyyət satış sərgisində Azərbaycanda istehsal olunmuş qida məhsulları, çaylar, kosmetik vasitələr, eləcə də mili yeməklər və Səfirliyin əməkdaşları tərəfindən xüsusi hazırlanmış suvenirləri təqdim etdi. Həmçinin, uşaqlar tərəfindən sərginin mədəniyyət proqramı çərçivəsində "Nəlbəki" rəqsi ifa olundu.
Ölkəmizin sərgidə iştirakı həm yerli əhali, həm də digər ölkələrin nümayəndəlikləri tərəfindən böyük maraqla qarşılandı. Səhər saat 10-dan axşam saat 16.00-dək davam edən sərginin son anınadək qonaqlar ölkəmizin masasını ziyarət edib Azərbaycan məhsulları və ölkə ilə maraqlanır, məhsullarımızı əldə edirdi.
Qeyd edək ki, satış sərgisindən əldə edilmiş bütün gəlir Braziliyada fəaliyyət göstərən xeyriyyə təşkilatlarına yönəldilir. Bu il həmçinin sərgi nəticəsində əldə edilmiş maddi vəsaitin bir hissəsinin Braziliyanın Rio Qrande do Sul ştatında baş vermiş təbii fəlakətdən zərər çəkmiş yerli əhaliyə yardım üçün yönəldilməsi nəzərdə tutulub.