Bu gün Bakı Enerji Həftəsi başlayır
Bu gün Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi başlayır.
1news.az-ın məlumatına görə, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.
“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu.
Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstan xarici işlər və ticarət naziri Piter Siyyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən, Atsuko Hiroşe, Dünya Enerji Konqresinin Baş katibi və icraçı direktoru Angela Vilkinson, İraqın neft nazirinin enerji məsələləri üzrə müşaviri AbdulBaqi K. AlSalait, Sloveniyanın Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen, Əlcəzairin Energetika və Mədən Nazirliyinin baş katibi Abdelkrim Aouissi və bp Qrupunun Hasilat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaq.
Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.
Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Sərgi günlərində "Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması", "Yeni texnologiyalar və rəqəmsallaşma", “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Enerji sənayesində süni intellekt pionerləri", "Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları", eləcə də "Azərbaycanın neft-qaz sektorunda qadınların rolu" mövzularında panel müzakirələri keçiriləcək.