Azərbaycanın 3 universiteti dünyanın ən yaxşı universitetlərinin reytinqində
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.
1news.az xəbər verir ki, Azərbaycanın 3 universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər 3-nün mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə edilib.
Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin siyahısına daxil olub. Son 5 ildə ilk dəfə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti müvafiq reytinqdə top-1000-də yenidən təmsil olunur.
1001-1200 diapazonunda reytinqə daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mövqeyi ötən ilin nəticələrinə nisbətən əhəmiyyətli dərəcədə irəliləyib və 1201-1400 diapazonundan 1001-1200-ə yüksəlib.
Azərbaycan Dövlət İqtisad Universiteti də reytinqə 1001-1200 diapazonu üzrə daxil olub.
QS dünya universitetlərinin reytinqində nəzərə alınan 9 indikatordan 4-ü üzrə Bakı Dövlət Universiteti (“Müəllim-tələbə nisbəti”, “Akademik heyət üzrə istinad sayı”, “Beynəlxalq tədqiqat indeksi” və “Məşğulluq nəticələri”), 4-ü üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbə payı” və “Davamlılıq”) və 1-i üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Əcnəbi müəllim payı) ölkədə birinci sıradadır. “Məşğulluq nəticələri” indikatoru üzrə hər 3 universitet top-500-də təmsil olunur, Bakı Dövlət Universiteti isə müvafiq indikator üzrə dünyada 271-ci yerdədir.
Qeyd edək ki, QS 2025 dünya universitetlərinin reytinqində Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.