Audiovizual Şuranın sədri Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri ilə görüşüb
11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir ilə görüşmüşdür.
Yeni təyinatı münasibətilə qonağı təbrik edən və uğurlar arzulayan İsmət Səttarov Audiovizual Şuranın fəaliyyəti, eyni zamanda audiovizual media sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Şura sədri, iki ölkənin media sektorunda fəaliyyət göstərən rəsmi qurumları arasında, xüsusilə Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.
Şura sədri Azərbaycan və Türkiyənin audiovizual media subyektləri, o cümlədən, televiziya və radio kanalları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etmişdir. İsmət Səttarov həmçinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin audiovizual media tənzimləyicilərini özündə birləşdirən platformanın (TBRAF) yaradılması istiqamətində müvafiq işlərin getdiyini bildirmişdir.
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki qardaş ölkənin münasibətlərinin hazırki vəziyyətinin bütün istiqamətlər üzrə olduğu kimi media sahəsində də məmnunluq doğurduğunu qeyd etmişdir. Cihangir İşbilir audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün Səfirliyin hər cür dəstək verməyə hazır olduğunu bildrimişdir.
Görüş zamanı həmçinin, Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasının əhəmiyyəti qeyd edilmişdir. Media və kommunikasiya sektorunda əlaqələri gücləndirmək məqsədilə yaradılmış platforma çərçivəsində televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, mübadilə proqramlarının təşkil edilməsi və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.