Qusarda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümi ilə bağlı tədbir keçirilib, qazilərə maddi yardım göstərilib - FOTO
25 iyun 2024-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü ilə bağlı tədbir keçirilib.
1news.az xəbər verir ki, ilk olaraq Qusar Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Şahid Fərəməzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və komando hərbi hissəsinin şəxsi heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi ziyarət edilmiş, abidənin önünə gül dəstələri düzülmüş, ulu öndərin əziz və unudulmaz xatirəsi dərin ehtiramla anılmışdır. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirə Qarabağ müharibəsi qaziləri, hərbi hissənin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri də qatılıblar.
Tədbiri açıq elan edərək Dövlət himni səslənmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş nitqi söyləyən Şahid Fərəməzov bayram münasibətilə Qarabağ qazilərini, hərbiçiləri təbrik edərək 2020-ci ildə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəbhədə qazanılan şanlı qələbədən danışıb.
Qusarlıların da bu savaşda xüsusi şücaət göstərdiyini, 113 igid oğlunu şəhid verdiyini xatırladan Ş.Fərəməzov 106 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli yolun hər birimizə nümunə olduğunu vurğulayıb. Daha sonra çıxış edən Komando hərbi hissəsinin tərbiyəvi iş üzrə müavini Rufət Quliyev, Vətən müharibəsi iştirakçısı “Qarabağ” ordenli Rəşad Aslanov, Vətən Müharibəsi qazisi İlkin Abuyev cəbhə xatirələrindən söz açaraq Azərbaycan Ordusunda keçdikləri şərəfli döyüş yolundan danışmış, tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
Tədbirin sonunda Silahlı Qüvvələrinin yaranmasına həsr olunan H.Əliyev və ordu quruculuğuna aid sənədli film nümayiş olunub.
Rayon İcra Hakimiyyəti tərəfindən, Silahlı Qüvvələri Günü ilə əlaqədar olaraq 70 nəfər qazinin hər birinin bank hesabına 300 manat maddi yardım köcürülüb.