Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə bu gün Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. O, cəzasının cəkilməmiş hissəsindən (1 il 5 ay) azad olunub.
Bildirilib ki, qərar qəbul olunarkən Z. Sultanovun dəymiş ziyanı tam ödəməsi, cəzasnın çox hissəsinin çəkməsi, islah olunması və Cəzaçəkmə Müəssisəsinin müsbət rəyi əsas götürülüb.
Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun dəyən ziyanı ödəməsi nəzərə alınmış, cəza müddəti 5 il 6 aya endirilmişdi.