Sədr: Azərbaycan da turizm sənayesi COP29 tədbirinə tam hazırdır
“Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi COP29 tədbirinə tam hazırdır”.
1news.az xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub” .
“Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklər” - deyə F.Nağıyev əlavə edib:
“ Ulduz təsnifatı regionlar üzrə də davam edəcək. Bir məqamı da qeyd etməliyəm. Hotelçilik sənayesi pandemiya dövründə də, Vətən müharibəsi dövründə də yüksək sosial məsuliyyət nümayiş etdirib, dövlətin çağırışlarına daim dəstək olub. İnanırıq ki, COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcək”.