Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 34,6 mln. manatı vətəndaşlara geri qaytarılıb
Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən uğurla davam etdirilməkdədir.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, 2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16.329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.563-ü üzrə 34,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub. Həmin müraciətlərdən 1.802-si üzrə 9.2 mln. manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən 526 müraciət üzrə ödənişdən imtina olunub.
Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.398 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, onlardan 917-si təsdiqlənib.
ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb.
Qeyd edək ki, imtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur. Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir.
Eyni zamanda, mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələri tövsiyyə olunur. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq - təhlil işləri həyata keçirilir.