Agentlik: Ev şəraitində qida məhsullarının saxlanma qaydasına düzgün əməl olunmalıdır
Qida zəhərlənməsi mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı nəticəsində baş verir. Qida məhsullarının saxlanılması zamanı müvafiq qaydalara əməl olunmadıqda çirklənmə baş verə bilər.
1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Çarpaz çirklənmə qida zəhərlənməsinin ən çox yayılmış səbəblərindən biridir. Qida məhsullarına müxtəlif çirkləndiricilərin sirayət etməsi ilkin istehsaldan istehlakçıya çatdırılana qədər qida zəncirinin müxtəlif mərhələlərində baş verə bilər. Mikroorqanizmlər qida məhsullarında 5°C - 60°C temperatur aralığında çoxalıb yayıldığından həmin interval “təhlükəli zona” adlandırılır. Yay aylarında temperaturun yüksək olması nəticəsində mikroorqanizmlərin yayılmasına daha əlverişli şərait yaranır. Həmin məhsullara, ilk növbədə, tez xarab olan ət və ət məhsulları, süd və süd məhsulları, kremli qənnadı məmulatları və digər qidalar aid edilir. Hazır qida məhsullarının saxlanılması zamanı sanitar-gigiyenik tələblərin pozulması bu mikroorqanizmlərin intensiv inkişafı və qida zəhərlənmələrinin baş verməsi üçün əlverişli şərait yaradır.
Qidadan zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün evdə qidaların saxlanılması zamanı müəyyən qaydalara əməl edilməlidir. Heyvan mənşəli qidalar, xüsusilə balıq məhsullarının bişirilməsi və saxlanılması prosesində müvafiq temperatur rejimi gözlənilməlidir. Qidaların soyuq mühitdə soyuducularda saxlanması üstünlük verilən praktiki və düzgün saxlama üsuludur. Soyuducunun temperaturunu 1 - 4°C arasında saxlamaq məsləhət görülür. Hazır və çiy qidaların ayrı-ayrı rəflərdə saxlanılması çirklənmənin qarşısını alır. Eyni zamanda, soyuducunun içindəki havanın asanlıqla dövr etməsi üçün rəflərin çox dolu olmamasına diqqət yetirilməlidir. Hazır yeməkləri soyuducudan kənarda iki saatdan artıq saxlamaq tövsiyə olunmur. Eyni zamanda, temperatur və rütubət nəzərə alınmalıdır. Qidalar bişəndən sonra yalnız bir dəfə qızdırıla və ya dondurula bilər.