QAİ erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyib
Qərbi Azərbaycan İcması erməni diasporunun və onun muzdlu xidmətçisi L.Okamponun əməllərini pisləyir və beynəlxalq ictimaiyyəti bu cür yaramaz ünsürlərlə mübarizəyə səsləyir.
1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda bildirilib ki, erməni diasporu muzdla tutduğu Luis Okamponu fasad kimi istifadə edərək, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlayıb:
"Kampaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini hədəf alıb. Sözügedən kampaniyanın müəllifi qismində verdiyi müsahibəsində L.Okampo özünü iqlim fəalı kimi qələmə vermiş, Azərbaycana qarşı böhtan atmış və soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb edib. L. Okamponun bir tərəfdən Azərbaycana soyrıqımı böhtanı atması, digər tərəfdən soyqırımı cinayətlərini törədənlərin azad edilməsini tələb etməsi onun nə dərəcədə gülünc durumda olduğunu göstərir. Okampo həmin canilərin azad edilməsini tələb etmək əvəzinə, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirməyə çalışmalıdır".
İcma xatırladıb ki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksək rütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanda olan düşərgələrdə edam edilməsinə dair təkzibolunmaz ictimai dəlillər var.
"Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması və oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava və su hövzələrinə vurduğu zərərlər ilə məşğul olsun", - deyə qeyd edilib.