Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Avqustun 16-sı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.
1news.az xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.
Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.
B.Vahabzadə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. O, 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi.
Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
B.Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız iki ildən sonra işə bərpa edilib.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, həmçinin də keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan B.Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.
O, 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.