MSK katibi: “Əlilliyi olan şəxslər sentyabrın 1-də səsvermə hüququndan sərbəst şəkildə istifadə edə biləcəklər”
“Sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində əlilliyi olan şəxslərin səsvermə prosesində seçmək hüququndan sərbəst şəkildə istifadə etmələri üçün müvafiq şərait yaradılacaq”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı Seçki Məcəlləsinin tələblərinə uyğun təmin edilir. “Seçki Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanlar yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsinə əsasən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Qanunvericiliyin tələbinə uyğun olaraq, əlilliyi olan şəxslərin səsvermə prosesində istədiyi şəxsin onu müşaiyət etməsi hüququ təmin olunur”.
M.Rəhimov bildirib ki, əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi Azərbaycanın Seçki Məcəlləsi ilə yanaşı, beynəlxalq hüququn da tələbidir. “BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair konkret tələbləri özündə əks etdirir. Bu Konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. 2008-ci ildə bu konvensiyaya qoşulan Azərbaycan qoyulan tələblərin hamısını icra edir”.
MSK katibi əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımların atıldığını da diqqətə çatdırıb:
“Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslərin hərəkətini təmin etmək məqsədilə seçki məntəqələrində pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququna malik əliliyi olan şəxslər haqqında ƏƏSMN-dən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir”.
M.Rəhimov qeyd edib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün brayl əlifbası ilə seçki bülletenlərinin çapı da həyata keçirilir. MSK görmə qabiliyyəti məhdud olan seçicilərin səsvermə hüququnun təmin edilməsi məqsədilə Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir: “Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə də verilir”.
MSK katibi eşitmə qabiliyyəti məhdud olan şəxslərin səsvermə prosesi ilə bağlı maarifləndirildiyini də diqqətə çatdırıb.