Xatirə Vəliyeva: “Parlament seçkiləri azad olunmuş ərazilərin sakinlərinə fərqli hisslər yaşadır”
“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri azad olunmuş ərazilərin sakinlərinə fərqli hisslər yaşadır”.
1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.
“Torpaqlarımız işğal atında olanda həmin rayon və şəhərlərin sakinləri ölkənin müxtəlif yerlərində səs verirdilər. İndi isə Laçında, Şuşada, Füzulidə, Xankəndidə və azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri yaradılıb. Torpaqlarımız azad olunandan sonra doğma torpaqlarımızda səsvermə hüququndan istifadə edəcəyik”.
O bildirib ki, seçkilərdən sonra formalaşacaq parlamentin üzərinə böyük məsuliyyət düşür: “İnanırıq ki, yeni deputatlar, xüsusən də azad olunmuş ərazilərdən seçilən şəxslər vətəndaşlarla sıx münasibətdə olacaqlar. Onlar qarşıya qoyulan hədəflərə, yeni reallıqlara adekvat addımlar atacaqlar”.