Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Mədəniyyət Nazirliyindən 1news.az-a bildirilib ki, bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu Özbəkistan Respublikasının Xalq artisti fəxri adı ilə təltif edilib.
Avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub.
Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb.
Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.
Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.