İctimai Birlik sədrinin müavini: “Gənclərin aktivliyi seçkilərin demokratik və şəffaf keçməsinə töhfə verir”
“Növbədənkənar seçkilər Azərbaycanın siyasi həyatında əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Ölkə daxilində bu seçkilər, siyasi sistemin yenilənməsi və xalqın tələblərinin daha sürətli cavablandırılması baxımından böyük əhəmiyyət daşıyır”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Yaradıcı Gənclər İctimai Birliyinin sədr müavini Vüsalə Hümbətli deyib.
O bildirib ki, siyasi islahatların sürətləndirilməsi və dövlət qurumlarının daha effektiv işləməsi üçün bu seçkilər vacibdir.
“Regional siyasət baxımından isə Azərbaycanın sabitlik nümayiş etdirməsi qonşu ölkələrə, bütün bölgəyə müsbət təsir göstərə bilər. Bu, Azərbaycanın regional güc kimi mövqeyini və regiondakı proseslərə təsir etmək imkanlarını daha da artırır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş bir dövlət olaraq seçkilərə getməsi, ölkəmizin tarixində unikal və tarixi bir hadisədir. Bu, müstəqilliyimizin tam bərqərar olmasının bir göstəricisidir və xalqımız üçün böyük bir qürur mənbəyidir. Qarşıdan gələn seçkilər ölkənin yeni bir dövrə qədəm qoyduğunu və bundan sonra dövlət quruculuğu proseslərinin daha güclü bir zəmin üzərində davam edəcəyini göstərir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada daha inamlı bir şəkildə çıxış etməsinə imkan verir”.
O deyib ki, gənclər ölkəmizin inkişafında əsas hərəkətverici qüvvədir və onların seçkilərdə fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.
“Gənclər yeni fikirləri və perspektivləri ilə ölkənin gələcəyini formalaşdırmaqda vacib rol oynayırlar. Onların aktivliyi seçkilərin demokratik və şəffaf keçməsinə töhfə verir. Bu gün gənclərimizin siyasi proseslərdə daha fəal iştirakı, cəmiyyətin daha ədalətli və demokratik quruluşuna doğru irəliləməsinə səbəb olur. Gənclərimizin enerjisi və yenilikçi düşüncəsi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır”.