Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlanıb
Paytaxtın Binəqədi rayonunun Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əfşan Fazil oğlu Məmmədova məxsus çiy dönər emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 1news.az-a bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı aşkar edilib. Bununla yanaşı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.